Səhərə qədər yer qazıb ərini basdırdı, silahı bulvara atdı — "İkimiz də narkotikin təsiri altında idik"
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirərək həyətyanı sahədə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə tərəflərin çıxışları dinlənilib.
Zaurpress.az xəbər verir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Cəmilə Əliyeva məhkəmədə qısa bəyanatla çıxış edərək təqsirləndirilən şəxsin əvvəlki ifadələrinə etirazını bildirib. O qeyd edib ki, oğlunun narkotik vasitələrdən istifadə etməsi və ya satışı ilə bağlı iddialar həqiqəti əks etdirmir. Cəmilə Əliyeva məhkəməyə təqdim olunan qərara əsasən mərhumun qanında narkotik maddə aşkarlanmadığını vurğulayıb.
Prosesin davamında Elmira İbrahimova hadisə ilə bağlı öz versiyasını danışıb. O, hadisə baş verən zaman psixoloji gərginlik keçirdiyini və özündə olmadığını iddia edib. Təqsirləndirilən qadın ifadəsində mütəmadi olaraq fiziki zorakılığa məruz qaldığını və qızının da dəfələrlə döyüldüyünü bildirib.
"Mən onu öldürəndə özümdə deyildim. Bir neçə saat çöldə qalmışam stresdən. Qızımı döyüb, dəfələrlə barmağını sındırıb. Məni dəfələrlə döyürdü. Mən onu basdırdığım yerə nə gül əkmişəm, nə də stop işarəsi qoymuşam. Uşaq yatmamışdan qabaq ərim silahı yağlayırdı. Balaca oğlum da silahı görüb. O məni dizi ilə vuranda özümdən getmişdim. Ayılanda gördüm ki, silah tam hazır vəziyyətdə stolun üstündədir. Hər ikimiz narkotik qəbul etmişdik".
E.İbrahimova daha sonra bildirib ki, meyiti mələfəyə büküb, bir-iki yerdən bərk skoçlayıb ki, açılmasın:
"Səhərə qədər yer qazmışam. Meyitin ayaqlarından tutub qazdığım yerə apardım. Onu basdırandan sonra evə keçib qan olan yerləri sildim. Metryarımlıq divanı sökdüm və bir neçə dəfəyə araba ilə aparıb zibilə atdım. Qana bulaşmış xalçanı da atdım. Silahı da üç yerə bölüb bulvarda dənizə atdım".
Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ildə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci Polis Şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən qadın saxlanılaraq, istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(oxu.az)

































