Zaurpress.az
“Suraxanı Oyl Opereyşn Kompani” şirkəti qaydaları pozdu, cərimə olundu
“Suraxanı Oyl Opereyşn Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cərimə olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, şirkət nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilib.
Buna görə də nümayəndəliyin barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsi tərəfindən protokol yazılıb.
Sənəddə göstərilib ki, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliynin ünvanına nəqliyyat vasitəsi ilə gələn yüklər gömrük bəyannaməsi ilə bəyan edilib.
Lakin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilib.
Qeyd olunan gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar Berkut adlı gəmi nəqliyyat vasitəsi ilə daşınaraq 25 avqust 2025-ci ildə, saat 06:46 da Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilib.
Lakin gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməyib.
Həmin bəyannamələr mallar ölkə ərazisinə daxil olduğu tarixdən 2 gün sonra gömrük orqanına təqdim edilib.
Səbail Rayon Məhkəməsinin qərarı “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib və 1500 manat məbləğində inzibati cərimə edilib.






























